Ötən gün intihar edən Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, H. Məmmədov ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkirmiş. H. Məmmədovun xərçəng xəstəliyinə keçmiş MTN-in istintaq təcridxanasında saxlanıldığı vaxtlarda tutulduğu bildirilir. Ona şüa terapiyası da edilib. Lakin müalicə heç bir nəticə verməyib.

H. Məmmədovun ağrılara dözmədiyi üçün canına qəsd etdiyi ehtimal edilir.

Hazırda onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.

Qeyd edək ki, Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan H. Məmmədov ötən gün mələfə ilə özünü asıb.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Leqal.info