Martın 30-da Fransanın Tuluz şəhərində baş vermiş cinayət əməli nəticəsində Rəhim Namazovun həyat yoldaşının qətlə yetirilməsi və özünün ciddi yaralanması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi açıqlama yayıb.

Leqal.info AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan səfirliyi cinayət əməlinin qurbanının ailəsinə və yaxınlarına başsağlığı verir.

Səfirlik diqqətə çatdırır ki, Rəhim Namazov Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum olunub. Onun Fransada və ya xaricdə mafiya strukturları ilə əlaqə saxlaması bəllidir. Rəhim Namazov Azərbaycanda heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmayıb. Onun jurnalist olmadığı fransız mediası, eləcə də Azərbaycan jurnalistləri və Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən təsdiqlənib.

Açıqlamada bildirilir ki, Rəhim Namazov 2014-2016-cı illərdə səfirliklə dəfələrlə əlaqə saxlayıb və onun bütün konsulluq prosedurları və istəkləri mümkün olan ən yaxşı şəraitdə yerinə yetirilib.

Nəhayət, səfirlik xatırladır ki, dünəndən bu cinayət əməlinin aydınlaşdırılması üçün Fransanın istintaq orqanları və Tuluz şəhərinin polis xidməti ilə müntəzəm əlaqə saxlayır.