Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "amerikapress.com" saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verilib.

Vəsatət təmin edilməyib.

Qərar təqsirləndirilən R.Sultanovun etirazına səbəb olub. Hakim sənədlərin tədqiq mərhələsinə başlamaq istəsə də, R.Sultanov onu qanunsuz qərar qəbul etməkdə ittiham edib. Məhkəmə təqsirləndirilən şəxsə xəbərdarlıq edib.

Proses oktyabrın 1-dək təxirə salınıb.

İttiham aktına əsasən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

R.Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.