Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zairovun məhkəməsi başlayıb.

Leqal.info-nun "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

N. Quliyev "Asan Xidmət"in Sumqayıt filialında ştatdankənar mütəxəssis fəhləsi işlədiyini deyib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Y. Məmmədli bundan öncə dələduzluğa görə məhkumluq yaşadığını deyib.

Ə. Zairov həbs edilməyərək ev dustaqlığına buraxlıb. Digərləri həbsdədir.

Proses oktyabrın 31-də davam etdiriləcək.

İttihama görə, Nurəddin Quliyev Zakir Məmmədov və Yasin Məmmədovla bir qrup şəxs halında ayrı-ayrı tanışlarını vəzifəli şəxsə rüşvət verilməklə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibədən kənar “ASAN xidmət” mərkəzində işə qəbul etdirəcəyinə inandırıb ümumilikdə 20 min manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı N.Quliyevin qulluq mövqeyindən istifadə edərək “Ayla LTD”, “Elvin İnşaat Servis” MMC-lərinin təsisçisi Ədalət Zaidov və Rauf Əzizovla əlbir olaraq Məhərrəm Əliyevin evini banka girov qoyub 100 min manat pul alacağını vəd edərək buna görə banka ilkin olaraq 15 min manat pul ödənilməli olduğunu bildirib onların vasitəsilə sonuncudan həmin məbləğdə pulu ələ keçirib dələduzluq etməsinə də əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin N.Quliyevin Ə.Zaidov və R.Əzizovla birlikdə tikinti layihəsinin həyata keçirilməsi üçün pula ehtiyac olduğunu yalandan İlqar Qədimova bildirərək 18 min manat pulu alıb təkrarən dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqdan yayındığına görə R.Əzizov barəsində axtarış elan edilərək sonuncu barəsində cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılıb.