Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında onun 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il mayın 7-də Bakı şəhəri Binəqədi rayonunda baş verib. Abşeron rayon sakini Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin ''102 Zəng Mərkəzi''nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxsin Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşib Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb. Hadisənin törədilməsində şəhər sakini, əvvəllər məhkum edilmiş Nəsimi Qələndərov şübhəli bilinib.

Binəqədi rayon Polis idarəsinin əməkdaşları həmin şəxsi saxlayıblar. N.Qələndərov istintaqa ifadəsində əməlini etiraf edib.

Polis əməkdaşlarının araşdırmaları ilə aydın olub ki, N.Qələndərov elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq edib. O, Qubad Xudayevin avtomobilinə minərək eyni ssenari ilə sürücünü bıçaqla hədələyib və ondan 90 manat pul alıb.