Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ümüd Kərimov və Elçin Teymurovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ü.Kərimov 8 il 3 ay, E.Teymurov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin avqustun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. Ü.Kərimovla E.Teymurov Bakı şəhər sakini Ələkbər Rəcəbovun taksi xidməti göstərdiyi avtomobilə sərnişin qismində oturub, Qala qəsəbəsinə gedəcəklərini bildiriblər.

Qala qəsəbəsinin ərazisində onlar sürücünü bıçaqla hədələyib 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alaraq hadisə yerindən qaçıblar.

Xəzər Rayon Polis İdarəsinin əməliyyatçıları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ü.Kərimov və E.Teymurovu Qala qəsəbəsi ərazisində saxlayıblar. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarı olan çanta götürülüb.

Xatırladaq ki, Ü.Kərimov "Bakı Metropoliteni" QSC-də qaynaqçı vəzifəsində çalışıb.