ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir “Turan” xəbər agentliyinə və onun rəhbəri Mehman Əliyevə qarşı açılmış cinayət işinə xitam verilməsini alqışlayıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir. “Mən bu müsbət addımı alqışlayıram, ümid edirəm ki, bu agentlik tezliklə öz vacib işini davam edəcək və gələcəkdə heç bir təzyiq olmadan işləyəcək”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Vergilər Nazirliyinin bu il avqustun 25-də yaydığı məlumatda bildirilirdi ki, “Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar yoxlamanın nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Mehman Əliyev barəsində isə Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.

Bu gün cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqdan M. Əliyevə rəsmi məktub təqdim olunub. Məktubda qeyd olunur ki, "Turan İnformasiya Agentliyi" MMC barəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.1-ci maddələri ilə istintaq olunan cinayət işinə xitam verilib.