Prezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb.

Leqal.info-nun "Report"a istinadən məlumatına görə, sərəncam milli ümumölkə teleradio yayımçılarının beynəlxalq informasiya məkanında əhatə dairəsinin genişləndirilməsi, onların ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.

Sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılıb.