"Hazırda ailəmlə birgə evdəyəm. İşim üçün çox darıxıram. Çalışdığım "Space" televiziyasından da iki aya yaxındır ki, səhhətimlə bağlı ayrılmalı oldum. Kimya terapiyası qəbul edirəm. Çünki böyrək damarlarımda xərçəng aşkarlanıb".

Leqal.info xəbər verir ki, bu sözləri Oxu.az-ın əməkdaşı ilə söhbətində "Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva səhhətində yenidən yaranan problemlərdən danışarkən deyib.

Aktrisa karantin günlərindən bəhs edib, səhhəti ilə bağlı işindən ayrıldığını bildirib:

"Mart ayının 16-dan "Space" televiziyasından ayrıldım. Özüm aparıcısı olduğum verilişdə çəkilişlərə gedirdim. Həm ölkədə karantin elan edildi, həm də səhhətimdə ciddi problemlər yarandı. Qərara gəldim ki, işdən ayrılıb evdə oturum".

Əməkdar artist koronavirus pandemiyası ilə əlaqədar kimya terapiyasını dayandırmaq məcburiyyətində qaldığını, yalnız həblər qəbul etdiyini söyləyib:

"Koronavirus pandemiyası səbəbindən bütün dünyada xərçəng xəstələrinin müalicəsi dayandırılıb. Kimya terapiyası zamanı immun sistemi zəifləyir. Bu zaman koronavirusa yoluxmaq riski artır. Dünyada olduğu kimi, Azərbaycanda da kimya terapiyası dayandırılıb. Milli Onkologiya Mərkəzində xərçəngi müalicə edib sağalda bilirlər, bundan öncə də məni sağaltmışdılar. Amma koronavirusun dərmanı hələ də tapılmadığına görə, müalicəmi tam şəkildə apara bilmirəm. Həkimlərin rəyinə əsasən qərara gəldik ki, bu ərəfədə eyni tərkibli həblər qəbul edim. Birinci kursu artıq bitirmişəm. Bir həftə fasilə verib, yenidən başlamışam".

Tünzalə həkimlər tərəfindən onda yenidən xərçəng aşkar edildiyini açıqlayıb:

"Yenidən xərçəng xəstəsiyəm. Şiş indi də böyrək yollarımdadır. Qanım aşağıdır, qalxmır. Bundan bir neçə il öncə uşaqlıq yolunun xərçəngindən əməliyyat olundum. Limfa vəzilərinə qədər sıçramışdı. Onun da müalicəsini apardım. İndi isə limfada deyil. MRT-nin cavabına əsasən, böyrək yollarında törəmələr aşkarlanıb. Öz həkimlərimə həddən çox güvənib və inanıram. Yaxşı ki, başqa qərar qəbul edib, xaricə getmədim.

Vətənimdə Mili Onkologiya Mərkəzində həm əməliyyat, həm də müalicə olundum. Orada mənə yüksək səviyyədə kömək oldular. Təmənnasız, bir qəpik pul almadan əməliyyatlarımı, kimya terapiyasını etdilər. İki ildən çoxdur ki, həkimlər məni sağaltmağa çalışırlar. Məni ayaqda saxlamaq üçün əllərindən gələni əsirgəmirlər. Xəstələr var ki, onlar hər üç aydan bir müayinəyə gedirlər, mən isə hər ay. Bütün bunlara görə, onlara sonsuz dərəcədə minnətdaram".

"Özümə qulluq etmirəm", - deyən T.Əliyeva müsahibəsini bu sözlərlə yekunlaşdırıb:

"Həkimlər mənə deyirlər ki, sən işləməməlisən, dincəlməyin bu xəstəliyin üçün çox önəmlidir. Amma mən onların dediklərinə əməl etmirəm, işləyirəm. Doqquz ay "Space TV"də dayanmadan çalışdım. Sənət adamıyam, evdə otura bilmirəm. Gərək hər zaman çalışım. Yaxın aylarda yalnız müalicə olunacağam. Gələn mövsümdən isə yəqin ki, artıq efırə çıxaram".