Azərbaycanda tətbiq edilən karantin rrejiminin 31 mayadək uzadılması Bakıda keçirilməsi planlaşdırılan bir neçə konsertin təxirə salınması ilə nəticələnib.

Leqal.info xəbər verir ki, təkcə yerli ulduzlar deyil, eyni zamanda xarici sənətçilərin də tədbirləri payız aylarına keçirilib. Bunlar Xalq artistləri Zeynəb Xanlarova və Röya Ayxan, türk rok qrupu “Mor və Ötesi”, Emre Aydın və başqalarıdır.

Karantin rejimi müddətinin artırılmasına baxmayaraq bəzi sənətçilər konsert tarixlərini dəyişdirməyiblər. Xalq artisti Miri Yusif (24 may- Bakı Kristal Hall), Brilliant Dadaşova ( 25 may- Heydər Əliyev Sarayı) və “Bu şəhərdə”nin (28-31 may- Heydər Əliyev Sarayı) afişaları hələ də onlayn satış portalında reklam edilir.

Hər üç konsertin təşkilatçıları təxirəsalma barədə hər hansı bir açıqlama verməyiblər. Sözügedən tədbirlərin də növbəti tarixə keçirilməsi gözlənilir.

***

Miri Yusif instaqram səhifəsində video paylaşaraq konsertinin 18 oktyabr tarixində reallaşacağını elan edib.
(Qafqazinfo.az)