Prezident İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsın etimadnaməsini qəbul edib.

Bu barədə Trend-ə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Səfir Daynis Qarançs fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Daynis Qarançs etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək özünün Latviyaya və Latviya prezidentlərinin ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərimizin genişlənməsində rolunu qeyd etdi. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq ticarət dövriyyəsinin artırılması, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı Daynis Qarançsın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Daynis Qarançs Azərbaycanın Latviyanın regionda strateji tərəfdaşı olduğunu dedi. O, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək inkişafını qeyd edərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini bildirdi. Daynis Qarançs iqtisadi əməkdaşlığın genişlənməsi və ticarət dövriyyəsinin artırılması üçün hökumətlərarası komissiyanın mühüm rol oynadığı söylədi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında regionlararası əlaqələrin vacibliyini qeyd edən səfir Azərbaycanın və Latviyanın 14 şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulduğunu dedi. O, mədəniyyət, elm, təhsil kimi sahələrdə də Azərbaycanla Latviya arasında səmərəli əməkdaşlığın olduğunu bildirdi.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunuldu, Aİ üzv ölkəsi kimi Latviyanın ölkəmizin bu təşkilatla əməkdaşlığının inkişafına verdiyi dəstək qeyd olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini də qəbul edib.

Səfir Ceyms Layl Şarp fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ceyms Layl Şarp etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini dedi, keçən ilin aprelində Böyük Britaniyaya səfərini və səfər zamanı aparılan səmərəli müzakirələrin əməkdaşlığımızın inkişafında rolunu qeyd etdi. İki ölkə arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev enerji sahəsində 25 illik dövr ərzində BP şirkəti ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu əməkdaşlığın uzunmüddətli perspektivdə inkişaf etməkdə davam edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev səfir Ceyms Layl Şarpa diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir Ceyms Layl Şarp yaxın günlərdə 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” çərçivəsində əlaqələrin ölkələrimiz arasında geniş enerji əməkdaşlığının uğurlu nümunəsi olduğunu bildirdi. Səfir ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinin və qeyri-neft sektoru, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm-təhsil və digər sahələrdə inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırdı. Ceyms Layl Şarp səfir kimi fəaliyyəti dövründə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Prezident İlham Əliyev, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirərək Böyük Britaniyanın kiçik və orta biznes dairələrinin də Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu vurğuladı.

Görüşdə regional gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

xəbər yenilənəcək
Prezident İlham Əliyev Latviya və Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
Prezident İlham Əliyev Latviya və Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
Prezident İlham Əliyev Latviya və Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib