"Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Soçidə görüşəcəklər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Valday Klubunun sessiyası oktyabrın 3-də Soçidə keçiriləcək. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte iştirak edəcəklər. Dövlət başçıları Valday görüşündə paneldə iştirak edəcəklər", - D.Peskov bildirib.

O əlavə edib ki, Rusiya prezidenti ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixlərində Soçidə keçiriləcək. Builki mövzu "Şərqin şəfəqi və dünya siyasi sistemi"dir.