Milli Şura (MŞ) Bakının mərkəzində razılaşdırılmamış aksiyalar adı ilə təxribatlar etməyə meylli görünür. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuraya oktyabrın 19-da mitinq keçirmək üçün Bakının Lökbatan qəsəbəsini təklif etsə də, qurum həmin tarixdə Bakının Nəsimi rayonunda, metronun “28 may" stansiyasının yaxınlığında razılaşdırılmamış mitinq keçirməyə cəhd edib. Aksiya zamanı saxlanılanlar olub. MŞ noyabrın 2-də də mitinq keçirilməsi üçün BŞİH-ə müraciət edib. Milli Şura müraciətində Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və Nəsimi rayonunda, metronun “28 may” stansiyasının yaxınlığını istəyir.


Sanki AXCP sədri, MŞ Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli süni şəkildə çaxnaşma yaratmaqda maraqlı görünür. Baxmayaraq ki, o və yaxın ətrafı nəinki xalqı, hətta tərəfdarlarını da mənasız addımları ilə bezdirib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Report"a açıqlamasında deyib ki, ölkədə qarşıdurma yolverilməzdir.

Ə.Orucov qeyd edib ki, hər bir partiya istiqamətini, hədəflərini, mübarizə vasitələrini özü müəyyənləşdirir: "Azərbaycan Milli İstiqlal Partiyasının gündəmində mitinq keçirmək məsələsi yoxdur. Ölkədə qarşıdurmadan çəkinmək lazımdır, dialoq mühiti olmalıdır”.

AMİP funksioneri qeyd edib ki, qarşıdurma, gərginlik fayda verməyəcək: “Bu, hər iki tərəfə aiddir. Partiya olaraq digər müxalifət partiyalarının təşkil etdiyi aksiyalarda iştirak etmirik. İnadkarlıq etmək olmaz, ortaq məxrəcə gəlmək lazımdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq vətəndaşların sərbəst toplaşmaq azadlığı təmin edilməlidir. Qarşıdurmalar ölkənin nüfuzuna xələl gətirə bilər. Mitinq keçirilməsinə yer ayrılması hakimiyyətin özünə dividend gətirir”.