“Radikal müxalifət ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına heç bir etirazlarını bildirmədi. Eyni zamanda, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfərinə etirazlarını nümayiş etdirmədilər. Onların etiraz etməməsinin səbəbi hamımıza bəllidir. Belə olduğu halda, milli maraqlarımıza xidmət etməyən müxalifət mitinq keçirməyə hazırlaşır. Adama deyərlər ki, milli maraqlarımıza xidmət etmədiyin halda hansı üzlə mitinq keçirirsən?”

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, müxalifət xaricdən Azərbaycanı zəiflətmək, Azərbaycanın inkişafının qarşısını almaq istəyən qüvvələrə bilavasitə xidmət edir: “Əvvəla, onu deyim ki, tarixdə “erməni soyqırımı” adında bir hadisə olmayıb. 1915-ci ildə Birinci dünya müharibəsi ərəfəsində ermənilərin Osmanlı imperiyasına qarşı qaldırdığı hərbi qiyamın nəticəsində erməni köçü baş verib. Onların köçürülməsi hərbi qanunlara uyğun olaraq həyata keçirilib. Çox maraqlıdır ki, həmin dövrlərdə “erməni soyqırımı” ilə bağlı nə mətbuatda, nə də tarixi sənədlərdə bu barədə heç bir məlumat yoxdur. İndiki halda Azərbaycan ziyalıları, ictimaiyyətin üzdə olan insanları əsaslı şəkildə ABŞ Konqresinin Nümayəndələr Palatasına öz etirazlarını bildirdilər. Eyni zamanda mənim üçün də çox xoş oldu ki, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri ölkəmizin rəsmi mövqeyini ortalığa qoyaraq ABŞ Konqresinin Nümayəndələr Palatasına kəskin etirazını bildirdi. Lakin çox təəssüflər olsun ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran radikal müxalifətin funksionerləri bu addımı atmadılar. Eyni zamanda onların Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfərinə belə münasibətlərini görmədik. Zərrə qədər də olsun, qondarma rejimin nümayəndəsinin bu səfərini pisləmədilər. Bütün bunlar, onu deməyə əsas verir ki, onlar xaricdən maliyyələşirlər. Onlar xaricdən Azərbaycanı zəiflətmək, Azərbaycanın inkişafının qarşısını almaq istəyən qüvvələrə bilavasitə xidmət edirlər, bilavasitə onların dəyirmanına su tökürlər”.

Deputat bildirib ki, radikal müxalifət üçün şəxsi maraqlar milli maraqlardan daha üstündür: “Türkiyə Cümhuriyyətinin ana muxalifəti hesab olunan, hazırda iqtidara müxalif olan Cümhuriyyət Xalq Partiyası (CHP) və digər partiyalar da ABŞ Konqresinin Nümayəndələr Palatasına öz etirazlarını bildirdilər və onların qərarını tanımadıqlarını dedilər. Çox təəssüflər olsun ki, bizim özlərini müxalifət adlandıranlar bundan nümunə götürüb, etirazlarını bildirmədilər. Eyni zamanda, bu müxalifətin xarici ölkələrdə fəaliyyət göstərən nümayəndələri də bircə kəlmə olsa belə, etirazlarını nümayiş etdirmədilər. Bu da ondan irəli gəlir ki, radikal müxalifət üçün şəxsi maraqlar milli maraqlardan daha üstündür. Belə bir çətin və mürəkkəb dövrdə cənab Prezidentin həm siyasi, həm iqtisadi, həm də sosial və struktur islahatları apardığı bir zamanda bu işə dəstək vermək əvəzində, əksinə, onlar maneçilik törədib, islahatları zəiflətmək istəyirlər. Təbii ki, istənilən bir vətənpərvər, öz vətənini, xalqını sevən bir insan üçün bu, qəbul olunmazdı. Xalqının, dövlətinin və millətinin milli maraqlarını müdafiə etmək naminə cüzi də olsa səslərini çıxarmayanların mitinq keçirmək istəyi gülünc doğurur. Belə olan halda, axı bu milli maraqlarımızı ayaqlar altına atanlara kim inanar? Bilirsiniz, bir müddət əvvəl özünü müxalifət adlandıran Milli Şuranın funksionerləri qanunsuz aksiya keçirməyə cəhd etdilər. Mən hesab edirəm ki, onların insanları narahat eləməyə, istirahət hüququnu pozmağa heç bir haqları yoxdur. Həmçinin, sosial şəbəkələr vasitələri ilə vətəndaşları qanunsuz mitinqlər üçün küçələrə çağırmaq yolverilməzdir. Axı mitinq razılaşdırılırsa, bunun üçün məkan təyin edilir. Hər bir şəxs razılaşdırılmış aksiyanın keçiriləcəyi yerdə sərbəst toplaşa bilər. Buna heç kim etiraz etmir. Amma küçələrdə, mühafizə zolaqlarında aksiya keçirərək ictimai asayişi pozmaq qanunazidd əməldir. Çünki əhalinin intensiv gediş-gəlişinin olduğu bir ərazidə onların narahatlığına səbəb olacaq addımlar atmaq olmaz”.

N.Məhəməliyev vurğulayıb ki, Azərbaycan artıq regionun cəlbedici bir ölkəsinə çevrilib və son illərdə aparılan uğurlu inkişafın nəticəsində Azərbaycan öz iqtisadi və siyasi gücünü dünyaya təsdiq edib: “Azərbaycan balanslaşdırılmış siyasət aparır və bu siyasət də bəzilərini narahat edir. Ona görə də mən kimlərinsə əlində alət olanları dövlətin, millətin bütövlüyünü qoruyub saxlamağa, eyni zamanda ölkəmizin inkişafı naminə xidmət etməyə çağırıram”.

Milli Məclisin deputatı Cavid Osmanov isə “Report”a bildirib ki, Azərbaycan dövləti ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına rəsmi münasibət bildirərək mövqeyini ifadə edib və birmənalı şəkildə buna cavab verilib: “Burada maraqlı məqam ondan ibarətdir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran radikal müxalifətin rəhbəri Əli Kərimli və digərləri bu məsələyə heç bir mövqe nümayiş etdirmədilər. Eyni zamanda, müxalifət işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçisi" Masis Mayilyanın ABŞ-a səfərinə də münasibət bildirmədi. Onlar qətiyyən buna etiraz belə etmədilər. Sanki bu, elə onların ürəyincə imiş. Eyni zamanda buna Azərbaycanın bugünkü inkişafına xələl gətirmək istəyən və Azərbaycanda dövlətçilik ənənələrini qoruyanlara qarşı təhqir kampaniyası aparan xaricdəki “azərbaycanlılar” da susdular. Təəssüflər olsun ki, onlar bu məsələlərə heç bir halda münasibət bildirmədilər. Bu da ondan xəbər verir ki, Azərbaycana qarşı şər və böhtan kampaniyası aparanlar, Milli Şuranın üzvləri, Əli Kərimli və tərəfdaşlarının birbaşa erməni lobbisi ilə bağlılıqları var. Onlar bununla da özlərini bir daha ifşa etdilər. Hətta belə bir məqamda onlar insanları qanunsuz aksiya və mitinqlərə səsləyirlər. Təbii ki, qanuna müvafiq qaydada aksiya keçirmək üçün yer ayrılsa da, onlar bu dəfə də qanunun və hüququn aliliyinə göz yummağa çalışırlar və paytaxt küçələrində aksiya keçirməyə çağırış edirlər. Mən hesab edirəm ki, qondarma “erməni soyqırımı”nı tanıyanlar, radikal müxalifət və mühacirətdə ölkəmizi təhqir edənlər eyni yerdən əmr alırlar. Onlar Azərbaycanda sabitliyi pozmaq üçün eyni ideologiyanı təbliğ edirlər. Radikal müxalifət şəhərin mərkəzində aksiya keçirmək niyyəti ilə əslində insanların rahatlığını pozmaq istəklərini ortaya qoydular və yenə də özlərini ifşa etdilər”.

Deputat vurğulayıb ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanıması barədə qətnamə qəbul etməsinin nə tarixi, nə hüquqi, nə də siyasi bir əsası yoxdur: “Bu qərar birmənalı şəkildə qərəzlidir. Burada erməni lobbisinin əli var. Belə olan halda müxalifətin bu məsələyə soyuqqanlı yanaşması onların erməni lobbisi tərəfindən idarə olunmasından xəbər verir”.