Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.

"Leqal.info" xəbər verir ki, yeni şöbə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi adlanır.

Prezident İlham Əliyevin sərəncamı ilə Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ədalət Vəliyev 1959-cu ildə Bakı şəhərində anadan olub.

1966-1976-cı illərdə Bakı şəhər 102 nömrəli orta ümümtəhsil məktəbində, 1968-1973-cü illər ərzində isə həmçinin 21 nömrəli musiqi məktəbində təhsil alıb. Ədalət Vəliyev əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1978-1980-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1977-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və filoloq ixtisası üzrə bitirib.

1980-cı ildən başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə işləyib, 1986-1987-ci illərdə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında,1987-1989-cu illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsində çalışıb, 1989-1991-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sərəncamçı direktor, 1991-1993-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında direktor vəzifəsində fəaliyyət göstərib.

1993-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.

2006-2018-ci illərdə Mədəniyyət və Turizm nazirinin müavini vəzifəsində işləyib.

2003-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Azərbaycan teatr tarixi", "Teatşunaslığın aktual problemləri", "Teatrın bədii estetik prinsipləri" və "Teatrda menecment işi" fənnləri üzrə pedaqoji fəaliyyətlə məşğuldur.

2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Sənətşünaslıq namizədi alimlik dərəcəsi verilib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Teatrşünaslıq kafedrası üzrə dosent elmi adı verilib. 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" adına və döş nişanına layiq görülüb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Teatrşünaslıq kafedrası üzrə professor elmi adı verilib. 5 mart 2019-cu ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Evlidir, iki övladı və dörd nəvəsi var.