Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı rəsmi şəkildə ictimaiyyətə çatdırılıb və seçilmək arzusunda olan vətəndaşlar namizədliklərini irəli sürə bilərlər.

Leqal.info-nun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib.

MSK sədri qeyd edib: “Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edib müvafiq sənədləri götürüb öz fəaliyyətlərinə başlaya bilərlər”.

M.Pənahov bildirib ki, MSK-nın iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı məsələlərə baxılacaq, müvafiq işçi qrupları yaradılacaq və seçkilərlə bağlı Təqvim planı təsdiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.