Ermənistan son günlər Azərbaycanla sərhəddə törətdiyi təxribatlara görə beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmalıdır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəsul Həsənzadə deyib. Onun sözlərinə görə, Ermənistan mahiyyət etibarilə terror dövləti olaraq beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilmiş heç bir normativ hüquqi sənədin tələblərinə məhəl qoymur: "Ermənistan öz terror mahiyyətini hər bir müstəvidə ortaya qoyur. Buna görə də Azərbaycan düşmənlə təkcə silahlı qüvvələr səviyyəsində deyil, toplum olaraq bütün sferalar üzrə mübarizə aparır. Bu gün xaricdə yaşayan vətəndaşlarımız Ermənistanın xarici ölkələrdəki səfirlikləri qarşısında aksiyalar keçirir. Həmçinin, artıq Rusiyadakı soydaşlarımız ermənilərlə ticarət əlaqələrindən imtina edib".

R.Həsənzadə deyir ki, bu gün Azərbaycan Vəkillər Kollegiyası rəhbərliyi də iştirak etdiyi beynəlxalq tədbirlərdə, onlayn iclaslarda, konfranslarda Cenevrə Konvensiyasının tələblərinə əsasən düşmənləri hüquqi davranışa dəvət edir, öz doğma yurdlarında yaxınlarının məzarını ziyarət edərkən girov götürülən azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasını tələb edir. Lakin bu gün dünya təkcə ədalət prinsipi ilə deyil, zorakılıq prinsipi ilə idarə olunur. Prosesdə yalnız haqlı və ədalətli olmaq kifayət eləmir. Bu gün Azərbaycan dövləti və onun siyasi rəhbərliyi Azərbaycan xalqı ilə bir olaraq düşmənlə mübarizə aparır. Bu gün bizim hərbi potensialımız bütün cəbhələrdə düşmənə qalib gəlməyə kifayət edir. Əminəm ki, yaxın günlərdə düşmən üzərində qələbəyə nail olacağıq".

Kollegiya üzvü bildirib ki, beynəlxalq təşkilatlar bu gün ermənilərə təzyiq edə bilmir: "Birləşmiş Millətlər Təşkilatının 4 icra olunmamış qətnaməsi var. Həmin qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal boşaltması göstərilib. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı müxtəlif qərarlar çıxarılıb. Amma bu gün bu təşkilatların Ermənistana faktiki təsir imkanları nisbidir. Onlar yalnız bəyanatlarla, Ermənistanı hüquqi davranışa dəvət etməklə kifayətlənirlər. Ermənistanın beynəlxalq havadarları, illərlə formalaşmış diaspora təşkilatları öz təsir imkanlarından istifadə edərək digər təsir mexanizmlərini gücsüz hala gətirir. Ona görə də Ermənistan özünü beynəlxalq səviyyədə sərbəst hesab edir, əxlaqi-mənəvi dəyərlərə söykənməyən əməllərinə davam edir".
Ermənistan Azərbaycanla sərhəddə törətdiyi təxribatlara görə beynəlxalq səviyyədə cəzalandırılmalıdır