Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.

Leqal.info-nun məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya silahlarında hücum təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Dərhal lazımi tədbirlər görülüb və qisas əməliyyatı keçirilib. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib. Yəqin ki, siz də o videogörüntüləri internetdə görmüsünüz, Azərbaycan Ordusu sərrast atəşlə, dəqiqliklə Ermənistanın dayaq məntəqələrini, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturunu necə məhv edir. Biz bunu nəyin hesabına edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, biz onu edə bilməzdik. Bu gün Azərbaycan Xalq Cəbhəsinin gözündə qalan arzusu budur ki, imkanımız olmasın, Azərbaycan yenə də torpaqlar itirsin".