Müsavat partiyası sədrinin hazırda həbsdə olan sabiq müavini Tofiq Yaqublunu həkim müayinə edəcək.

Leqal.info-nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, aclıq aksiyasi keçirən Tofiq Yaqublu ilə həkim Adil Qeybullanın görüşünə icazə verilib:

“Penitensiar Xidmət həkim Adil Qeybullanın Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verdi. Görüş bu gün saat 17:00-da olacaq”.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.