Dövlət Vergi Xidməti son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə yayılan məlumatlara münasibət bildirib. Həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.

DVX-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirib ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur, vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.

Belə ki, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.