“Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü Azərbaycan və Rusiya xalqları, dövlətləri arasındakı münasibətlərin sağlam istiqamətdə inkişafının təsdiqidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Azərbaycan və Rusiya prezidentləri arasında görüşün yüksək səviyyədə baş tutduğunu bildirən millət vəkilinin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlığa söykənən uzunmüddətli və etibarlı əməkdaşlıq mövcuddur: “Bu əməkdaşlıq Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Eyni zamanda, həm də regionda iqtisadi, mədəni, siyasi və humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir”.

H. Babaoğlu qeyd edib ki, Rusiya və Azərbaycan qlobal, regional layihələrin həyata keçirilməsi istiqamətində birgə addımlayırlar: “Bu layihələr nəqliyyat, kommunikasiya sahəsindən tutmuş enerji məsələlərinə qədər geniş bir dairəni əhatə edir. Layihələrin reallaşması isə regionun bütün xalqlarına yeni iqtisadi perspektiv vəd etməkdədir. Məhz buna və digər faktorlara görə, bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirdilər. Guya son dövrlərdə iki ölkə arasında münasibətlərin lazımi səviyyədə olmadığı barədə rəy formalaşdırmağa çalışırdılar. Belə qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşırdılar. Bu qüvvələr Azərbaycan – Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını istəməyən qüvvələrdir. Soçi görüşü isə bu cür siyasi manipulyasiyalara nöqtə qoydu. Rusiya və Azərbaycan prezidentlərinin görüşü zamanı qlobal siyasi proseslərdən tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinədək çox mühüm məsələlər dostluqla müzakirə olunub. Müzakirələrdə iki ölkə arasında münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub. Hesab edirəm ki, bu görüş əslində Rusiya-Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini təsdiqləməklə, əməkdaşlığın çox böyük perspektivlərinin olmasına işarədir”.

Millət vəkili, professor Musa Qasımlı APA-ya deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri böyük əhəmiyyət daşıyır: “Hər şeydən əvvəl Rusiya və Azərbaycan qonşu dövlətlərdir. İki ölkə arasında münasibətlər müxtəlif formatlarda uğurla inkişafdadır. Azərbaycan və Rusiya arasında diplomatik-siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələrdə əməkdaşlıq uğurla davam etdirilir. İki ölkə arasında münasibətlərdə müzakirə edilən çoxlu məsələlər var. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü, keçirdiyi müzakirələr qarşılıqlı münasibətləri daha da inkişaf etdirəcək”.

Politoloq Qabil Hüseynli də qeyd edib ki, Azərbaycan Rusiya ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrinə sadiqdir: “Biz Rusiya ilə əlaqələrin normal və bərabər qonşuluq, dostluq münasibətləri çərçivəsində olmasının tərəfdarıyıq. Azərbaycanda rus dilinə, rus dilli məktəblərə, bütövlükdə rus mədəniyyətinə və rus xalqına münasibət postsovet məkanındakı ölkələrdən ən yüksək səviyyədədir. Rusiya bunu dəyərləndirməlidir. Ermənistana baxsınlar, görsünlər orada nə qədər rus dilli məktəb var. Azərbaycanda isə rus dilində fəaliyyət göstərən məktəblər kifayət qədərdir. Azərbaycanda universitetlərin hamısında rus dilli bölmələr var. Azərbaycan Rusiya ilə dostluğa, hətta ən yaxın müttəfiqlik, tərəfdaşlığa hazırdır və bunu konkret addımları ilə isbat edir”.

Leqal.info