Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Stavropol şəhərində keçirilən Rusiya-Azərbaycan VIII Regionlararası Forumunun iştirakçılarına təbrik məktubu göndərib.

Leqal.info xəbər verir ki, APA-nın Stavropola ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Forum çərçivəsində keçirilən iclasda prezidentin təbrik məktubunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oxuyub.

Prezident İlham Əliyev təbrik məktubunda dövlət strukturları və biznes dairələri nümayəndələrinin hər il keçirilən görüşünün ölkələrimizin həyatında mehriban ənənəyə və vacib hadisəyə çevrildiyini bildirib: "Bu gün aydındır ki, bu cür tədbirlər hər iki tərəfi maraqlandıran aktual məsələlərin müzakirə olunduğu nüfuzlu meydançadır. Qeyd edilməlidir ki, əməkdaşlığımızın prioritet istiqamətləri, ticarət-iqtisadi, humanitar sahələri daim diqqət mərkəzindədir. Forumda ikitərəfli əməkdaşlığımızın əsas aspektlərinə baxılır, müqavilələr imzalanır, biznes layihələri inkişaf etdirilir. Sözsüz ki, bütün bunlar iki ölkə arasında konstruktiv dialoqun dərinləşməsinə, yeni perspektivlər və imkanların açılmasına böyük töhfə verir. Əminəm ki, bugünkü forum çərçivəsində yeni ideyalarınız, birgə layihələriniz yaranacaq, hansı ki, bunların həyata keçirilməsi Rusiya və Azərbaycan arasındakı qarşılıqlı anlaşmanı daha da möhkəmləndirəcək".

Azərbaycan prezidenti Forum iştirakçılarına uğurlar arzulayıb.