“Avropa ölkələri ilə yaxın münasibətlərimiz var. Keçən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlanıb. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir.”.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan müasirliyə gedən yoldadır: “Biz inkişaf etməliyik, ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik. Bu, artıq dünya ictimaiyyəti üçün açıq kitab kimi bir anlayışdır və indi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır”.