Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallager Roma Papası I Fransiskin və dövlət katibi, kardinal Pietro Parolinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən arxiyepiskop Paul Riçard Gallager göstərilən yüksək qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlıq edib. Azərbaycan haqqında çox məlumatlı olduğunu qeyd edən qonaq ölkəmizə səfərindən məmnunluğunu ifadə edib.

Roma Papası I Fransiskin fərmanı ilə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin çox sevindirici hadisə olduğunu deyən arxiyepiskop Paul Riçard Gallager bunun Müqəddəs Atanın ölkəmizdəki katolik icmasına və Azərbaycan ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisi olduğunu bildirib.

Roma Papası I Fransiskin iki il əvvəl Azərbaycana səfərinin tarixi hadisə olduğunu qeyd edən Prezident İlham Əliyev səfərlə bağlı xoş xatirələrinin olduğunu deyib.

Dövlət başçısı, həmçinin özünün Vatikana rəsmi səfərini məmnunluqla xatırlayaraq Roma Papası I Fransisk, o cümlədən dövlət katibi, kardinal Pietro Parolin ilə keçirdikləri görüşlərin əhəmiyyətini vurğuladı, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi olduğunu qeyd edib.

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagerin Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib, səfərin iki dövlət arasında mövcud olan tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Azərbaycanın nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edilib.
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibini qəbul edib
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibini qəbul edib