Ermənistan ictimaiyyətinə də, erməni lobbisinə də gün kimi aydındır ki, Ermənistan dövlətinin işğalçılıq siyasəti nəticəsində onun “qazancı” iqtisadi iflas, Ermənistanın təcrid vəziyyətinə düşməsi, ölkədən kütləvi köç və yoxsulluğun fəlakətli səviyyəyə gəlib çatması olub.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ermənilər güman edirdilər ki, Azərbaycan torpaqlarının işğalı sayəsində Ermənistan inkişaf edəcək, iqtisadi gücü artacaq, reallıqda isə “qazandıqları” bunun tam əksinə oldu:

“Bu gün Ermənistanda da analitik düşüncəli insanlar var və onlar açıq şəkildə etiraf edirlər ki, Ermənistan dövlətinin yeritdiyi bu işğalçı siyasət ölkəni uçuruma aparır, amma Azərbaycan günü-gündən güclənməkdədir, Azərbaycan həm ikitərəfli əlaqələr formatında çox ciddi naliyyətlər qazanıb, Ermənistan istisna olmaqla qonşu dövlətlərin hər biri ilə çox yüksək səviyyəli münasibətlər yaradıb, həm də üçtərəfli formatda da çox mühüm əməkdaşlıq formalaşıb. Ermənilər həmçinin etiraf edirlər ki, Azərbaycan qlobal layihələr həyata keçirir, ancaq Ermənistan bütün bunlardan kənarda qalır. Belə olan halda onlar başa düşürlər ki, Ermənistanı gələcəkdə fəlakət gözləyir və istəyirlər ki, Azərbaycanı yamsılasınlar. Misal üçün erməni ziyalılarından biri deyir ki, “bəlkə biz də üçtərəfli formata keçək” və nümunə üçün Ermənistan-Rusiya-İran formatını göstərir və ardınca da etiraf edir ki, bunun Azərbaycan-Rusiya-İran formatı ilə rəqabət aparmaq potensialı yoxdur. Çünki Azərbaycan, İran və Rusiya böyük iqtisadi gücə malikdir, belə olan halda isə bu üç ölkənin əməkdaşlığı baş tutur və perspektivli məsələdir, lakin Ermənistanın yaradacağı formatın rəqabət qabiliyyəti yoxdur və belə formatlar Ermənistan üçün uğur gətirə bilmir”.

E.Nəsirovun sözlərinə görə, Ermənistan ekspertləri artıq etiraf edirlər ki, Azərbaycan torpaqlarının işğalı Ermənistana xeyir gətirmədi, əksinə ölkə bu gün uçurumun astanasındadır.