"Əziz həmvətənlər! Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada görə, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm".

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir".

İlham Əliyev bildirib ki, bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verib, son 15 il ərzində görülən işlərə yüksək qiymət verib: "Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir".

Prezident vurğulayıb ki, Azərbaycanın beynəxalq nüfuzu artır: "Biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün dünyada Azərbaycan çox böyük hörmətə, rəğbətə, dəstəyə malik bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik".

Dövlət başçısı əlavə edib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən geriyə bir addım belə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul etmişlər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir".

Prezident İlham Əliyev bildirib ki, gün gələcək, bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir:

"Biz daha da güclü olmalıyıq. Güclü olmaq üçün daha güclü iqtisadiyyat qurmalıyıq. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır. Bu gün Azərbaycan dünyanın ən rəqabətli ölkələri sırasındadır. Rəqabət qabiliyyətliliyə görə biz 35-ci yerdəyik.

Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı - onun problemləri, onun qayğıları, onun rifahı olubdur. Son 15 il ərzində maaşlar və pensiyalar 7-8 dəfə artmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilibdir: "Biz ən qabaqcıl texnologiyaları ölkəmizə gətiririk, tətbiq edirik və texnoloji, elmi inkişaf gələcək fəaliyyətimiz üçün də əsas prioritetlərdən biri olacaqdır. Bir sözlə, bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır".

İlham Əliyev deyib ki, Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir: "O layihələr ki, bizim təşəbbüsümüzlə, bizim fəal iştirakımızla Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur".

Prezident vurğulayıb ki, Azərbaycan dövləti bu günədək heç vaxt bu qədər güclü olmayıb: "Biz güclü dövlət qurmuşuq. Daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq. Keçdiyimiz yol şərəfli yoldur. Qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!"