Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq.

Trend-in məlumatına görə, bunu aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan möhtəşəm konsert proqramıda çıxışı edən Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: “ Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmamışdır. Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir. Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq”.

Dövlət başçısı qeyd edib ki, biz müstəqil ölkəyik, güclü ölkəyik və biz tutduğumuz yolla gedirik.

“Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”,-deyə Prezident İlham Əliyev vurğulayıb.