Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısı Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə "Şahdəniz" layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. "Şəfəq-Asiman" strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.

Britaniya parlamentinin üzvləri dövlətimizin başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər. Lord Devid Evans və Devid Morris ölkəmizdə səsvermə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyiblər.

Dövlət başçısı seçkilər zamanı səsvermənin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını deyib. Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olunub. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri də müzakirə predmeti olub.

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb. Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.

Görüşdə Baronessa Rona Feyrhed prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdi. O, Bakıya səfərini məmnunluqla xatırladıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO