Qlobal Bakı Forumu bir çox ölkələrə aktual problemlərin həlli üçün əlaqələr yaratmağa imkan verdi.

Trend-in məlumatına görə, bunu VI Qlobal Bakı Forumunun yekunu ilə bağlı hesabata həsr olunmuş mətbuat konfransında Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko deyib:

"Bu gün münaqişələr və ziddiyyətlərlə dolu dünyada tək başına hərəkət etmək çox çətindir və belə vəziyyətdə əlaqə qurmaq lazımdır. Bakı Forumu bizə belə bir fürsət verdi və mən Azərbaycan hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə buna görə təşəkkür edirəm".

V.Yuşenko qeyd edib ki, forumun təşkili ildən-ilə daha yüksək səviyyəyə çatır, foruma qatılan siyasətçilərin və diplomatların sayının artması da buna sübutdur.

Qeyd edək ki, bu il 15-17 mart tarixlərində VI Qlobal Bakı Forumu keçirilib. Tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.