İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası üzv dövlətləri Xocalı soyqırımını tanımağa, Azərbaycanın "Expo-2025"ə ev sahibliyini dəstəkləməyə çağırıb.

Xezerxeber.az-ın məlumatına görə, bu təklif Banqladeşdə keçirilən İslam ƏməkdaşlıqTəşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında səsləndirilib.


Sessiyada qəbul olunmuş Dəkkə bəyanatının 18-ci bəndində quruma üzv ölkələrində olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu neqativ və dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd olunaraq, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunur və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb.


Sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

"Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir və qətnamədə əks olunmuş tələblərin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur. Həmçinin, bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədilə istifadə edilməsinə yol verməməyə çağırılır. Eyni zamanda, Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və vandalizm aktları kəskin şəkildə pislənilir.

Qətnamədə həmçinin, "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilir.

"Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarda İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması" adlı sənəddə tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir.

Bununla yanaşı, "Üzv ölkələr tərəfindən beynəlxalq təşkilatlara təqdim edilmiş namizədliklərə dair" qətnamədə Azərbaycanın ev sahibliyi etmək üçün namizədliyi və Qeyri-maddi mədəni irsin qorunmasına dair Beynəlxlaq Hökumətlərarası Komitənin üzvlüyünə namizədliyinin dəstəklənməsinə çağırış edilib.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO