Bu gün prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Dövlət başçısının Muxtar Respublikaya səfəri bir sıra sosial iqtisadi və hərbi əhəmiyyətli obyektlərin açılışı ilə müşayət edilib.

Prezident İlham Əliyevi Naxçıvan Beynəlxalq Hava Limanında Muxtar Respublikasnını Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb. Dövlət başçısı əvvəlcə "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin birinci mərhələsinin açılışında iştirak edib. Layihənin icrası ilə Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.

Naxçıvan şəhərində prezident İlham Əliyev ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışı olub. Altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Binada 132 və 20 yerlik iclas zalları da fəaliyyət göstərəcək. Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Səfər çərçivəsində Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışı da olub. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq. Prezident İlham Əliyev kompleksi işə salıb.

Dövlət başçısı Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib. Üçmərtəbəli məktəb binasında iki kompüter sinfi, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinet, 24 ümumi sinif otağı, müəllimlər otağı və idman zalı var. Məktəbin həyətində qazanxana və bufet binası tikilib.

Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub. Sərhəd Dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binada, həmçinin ikiotaqlı 4 mənzil də var. Sərhəd Dəstəsinin texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam və camaşırxana, ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj da tikilib. Ərazidə kinoloji xidmət üçün 7 yerlik və atlar üçün 12 yerlik sahələr yaradılıb

Ali Baş Komandanı İlham Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə də tanış olub.Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb. Hərbiçilərin bilik və bacarıqlarının artırılması üçün ən müsarir texnologiyaların tətbiqi ilə lazımı şərait yaradılıb. Prezident İlham Əliyev hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib. Sonra dövlətimizin başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. Bununla da dövlət başçısının Muxtar Respublikaya səfəri başa çatıb.

VİDEO