Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Son iclas" bədii-sənədli filmi barədə mətbuat konfransı keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Baki Media Mərkəzinin ərsəyə gətirdiyi filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Ekran əsərinin ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, film üzərində altı aya yaxın iş aparılıb. Çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda aparılıb.

Filminin ssenari müəllifi Müsəllim Həsənov bildirib ki, ssenari yazılanda Azərbaycanla yanaşı, bir sıra ölkələrin arxivindən də istifadə edilib.

Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev bildirib ki, "Son iclas" bədii-sənədli filminin məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır. Mətbuat konfransında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildrib ki, cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbəyidir.

Qeyd edək ki, mayın 26-dan etibarən film 3 gün ərzində kinoteatrlar şəbəkəsində ödənişsiz nümayiş etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO