Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışı ilə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici siyasət sahəsində dönüş yarandı və müstəqil dövlət quruculuğu prosesinə başlanıldı.

Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev bildirib.

O qeyd edib: "Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi? Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyinin qorunub saxlanılması ilə bağlı demişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Millət vəkili deyib ki, Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində bir tərəfdən Milli Ordunun formalaşması, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm addımlar atılıb, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrdən istifadə olunub, bununla da 1994-cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyətə malik atəşkəs rejiminə nail olunub:

"Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən xilas etdi. 1993-cü ilin iyun ayında yenidən dövlətimizin idarəçilik sükanına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyətlə, böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşüb və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaq”.

R.Əliyevin sözlərinə görə, 2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi dəyərləndirən Prezident İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyərinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir:

"Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu Öndərin yeni neft strategiyasının uğurla reallaşması və inkişaf etdirilməsi, yeni sosial-iqtisadi layihələrin həyata keçirilməsi, regionda, eləcə də dünyada cərəyan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir".