Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma bəyanatlarına rəğmən, İrəvan danışıqlar masasına əyləşmək istəyini gizlətmir.

Publika.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyini açıqlayıb.

“Görüş olacaq, həm də tezliklə”, - deyə erməni nazir bildirib.

Mnasakanyan görüşün tarixi və yerinin uyğunlaşdırılandan sonra açıqlanacağını əlavə edib.

Elmar Məmmədyarov da daha əvvəl erməni nazirlə görüşünün BMT Baş Assambleyasının iclası çərçivəsində olacağını açıqlamışdı. BMT Baş Assambleyasının növbəti toplantısı sentyabrın sonlarında keçiriləcək.

Rusiyalı politoloq Sergey Markov bildirib ki, Ermənistan danışıqlarda təxribat törədə bilər.

“Paşinyan Bakı ilə hər hansı qalmaqalın baş verməsində maraqlıdır. O, bu qalmaqaldan Ermənistanın daxilində istifadə edə bilər. Bütövlükdə İrəvan münaqişənin həlli ilə bağlı hansısa addım atmağa hazırlaşmır. Sadəcə olaraq, nazirlərin görüşündə erməni tərəfinin qalmaqal yaradacağını gözləmək olar. Azərbaycan tərəfi ayıq olmalıdır”, - deyə o bildirib.