Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində üç sərgi - “Live Life”, “Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun “77 milyon rəsm əsəri” sərgiləri açılıb.

Leqal.info xəbər verir ki, sərgilərin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Festivalın açılışı münasibətilə təbriklərini çatdıran Leyla Əliyeva bu festivalın dünyada incəsənətin, mədəniyyətin inkişafına mühüm töhfə olacağına əminliyini ifadə edib. Nəsiminin Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rol oynadığını və poeziyanın şah əsərlərini yaratdığını deyən Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi poeziyasının bu gün də yaşadığını və aktual olduğunu vurğulayıb.

Nəsimi festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açıldığını da qeyd edən Leyla Əliyeva müəllifi olduğu “Live Life” sərgisinin London, Berlin, Moskva, Paris və Tbilisidə nümayiş etdirildiyini, bu sərginin ekoloji problemlərə diqqəti yönəltdiyini bildirib.

L. Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondu tərəfindən təqdim olunan “Hürufilik: incəsənət və identiklik” sərgisindən də danışıb, burada bir sıra ərəb ölkələrində yaşayan müasir rəssamların işlərinin təqdim edildiyini söyləyib. Brayn İnonun “77 milyon rəsm əsəri” sərgisində isə musiqinin və video-art instalyasiyanın nümayiş olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Barcil Fondunun nümayəndəsi Çarlz Pokok, Nəsiminin qohumu Məhəmməd Nəsimi festivalın, eləcə də sərgilərin təşkilinə görə təşəkkür ediblər.

Sonra tədbir iştirakçıları sərgilərlə tanış olublar.
(Qafqazinfo)

Leyla və Arzu Əliyevalar sərgi açılışında
Leyla və Arzu Əliyevalar sərgi açılışında
Leyla və Arzu Əliyevalar sərgi açılışında