Azərbaycan həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahəsində dinamik inkişaf edən ölkələrdən biridir.

Leqal.info xəbər verir ki, bunu Trend-ə görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenli Ömər Eldarov deyib.

Ö.Eldarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində Bakı mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında dialoqun mərkəzinə çevrilib:

“Mən həmişə demişəm və deyəcəyəm: xalqımız musiqidə olduğu kimi, təsviri incəsənətdə də çox istedadlıdır. Amma bu istedadlara inkişaf üçün lazımi şərait yaradılmasa, onlar öz potensiallarını reallaşdıra bilməyəcək. Ölkəmizdə ideyaların reallaşdırılması və inkişaf üçün hər cür şərait yaradılıb, çoxlu saraylar və mədəniyyət mərkəzləri tikilib, beynəlxalq festivallar – Qəbələ musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Bülbül və digər görkəmli şəxsiyyətlərin şərəfinə festivallar keçirilir".

Xalq rəssamı vurğulayıb ki, mədəniyyət və incəsənət xadimləri daim Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edir, fəxri adlar, prezident təqaüdləri və mükafatları alırlar:

"Milli mədəniyyət və incəsənətə, dünyada geniş təbliğinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da xüsusi diqqət ayırır. Mən hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən öz əməyimin, mədəniyyət və incəsənət nümayəndələrinin əməyinin yüksək qiymətləndirildiyini görmüşəm. Azərbaycan Prezidenti İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə gələcək fəaliyyətində uğurlar arzulayıram”.