“Azərbaycanda özünü müxalifət hesab edən bəzi partiyaların fəaliyyəti ötən əsrin 90-cı illərinin əvvəllərinin, başıpozuqluq dövrünün qalıqları şəklində təzahür edirir. Bu da, təbii ki, təəssüfləndiricidir”.

Leqal.info-nun “Report”a istinadən xəbərinə görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi - sədr müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

YAP sədrinin müavini xatırladıb ki, Azərbaycanda 1993-cü ildən bu yana, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu gün də davam edən böyük dəyişikliklər baş verib.

O vurğulayıb ki, 90-cı illərin əvvəlləri ilə müqayisədə ölkədə dəyişməyən heç nə qalmayıb: “Ölkənin siması dəyişib, infrastrukturu yenilənib, Bakının və regionların siması müasirləşib, insanlarımızın həyat səviyyəsi yüksəlib. Eyni zamanda, Azərbaycan dövlət olaraq güclənib, qüdrəti artıb, dünyada mövqeləri möhkəmlənib, regionun liderinə çevrilib. İnsanlarımızın da təfəkküründə bu illərdə dəyişikliklər baş verib. Çünki həyatda baş verən yeniliklər istər-istəməz düşüncələrdə, təsəvvürlərdə öz əksini tapır. Amma bir şey Azərbaycanda dəyişməyib: bu da ölkəmizdəki özünü müxalifət hesab edən bəzi partiyalardır. Ona görə biz onları öz simalarına uyğun haqlı olaraq qaragüruhçu adlandırmaq zorundayıq. 90-cı illərin əvvəllərinin başıpozuqluq dövründə formalaşmış həmin müxalifət o vaxt necə qaragüruhçu idisə, indi də elədir! Bu günə qədər dəyişməyiblər!”.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın demokratik quruluşu ilə bu quruluşun vacib tərkib hissəsi olmalı olan müxalifətin müəyyən qismi arasında böyük təzad var: “Bir yanda normal cəmiyyət, demokratiya və demokratik təsisatlar, digər yanda isə normal adlandırılması mümkün olmayan başıpozuq müxalifət. Bizim siyasi həyatımızın narahatlıq yaradan ən böyük problemlərindən biri məhz budur. Həmin müxalifət ölkənin inkişafından faydalanmaq, ən azından öz siyasi mübarizələrindən bəhrələnmək əvəzinə qıcıqlanırlar. Onların məfkurəsində müxalifətə başucalığı gətirməyən bir şüar meydana gəlib: ölkə üçün nə qədər pis olarsa, müxalifət üçün o qədər yaxşıdır. Deməli, Azərbaycanın inkişafı, yüksəlişi, insanların rifahının yaxşılaşmasını onlar əslində pis qarşılayırlar. Həmin müxalifət arzulayır ki, Azərbaycan inkişaf etməsin, insanların sosial rifahı aşağı olsun və yaranan çətinliklərdən öz çirkin məqsədləri üçün istifadə etsinlər. Onların davranışlarının Azərbaycanın ümumi demokratik ab-havasına uyğun gəlməməsinin kökündə dayanan budur. Lakin belə müxalifət yeni əhvali-ruhiyyə şəraitində yaşayan bir cəmiyyətlə ahəngdarlıq təşkil edə bilməz. Onlar getdikcə daha da marginallaşıb və simalarını itiriblər. Ona görə çıxış yolunu cəmiyyətdə gərginlik yaratmaqda görürlər. Aydın şəkildə dərk edirlər ki, təhlükəsizliyin, əmin-amanlığın, iqtisadi inkişafın, rifahın yüksəlişi fonunda özlərinin bu şəraitə uyğun gəlməyən platformaları ilə insanları öz tərəflərinə çəkmək iqtidarında deyillər! Bu, onlar üçün vahimədir. Vəziyyətdən çıxış yolunu cəmiyyəti gərginləşdirməkdə, qarşıdurma yaratmaqda görürlər. Bunun üçün keçirdikləri mitinqlərdən faydalanmağa çalışırlar”.

YAP sədrinin müavininin sözlərinə görə, dövlət mitinqlərin keçirilməsinin əleyhinə deyil: “Amma bu mitinqlər vətəndaş itaətsizliyinə çağırışla müşayiət olunursa, yaxud dövlət və konstitusion quruluşun əleyhinə çağırışlar səsləndirilirsə, demək, həmin mitinqlərin məqsədi qarşıdurma və gərginlik yaratmaq niyyətlərinə xidmət edir. Digər yandan, həmin müxalifət ölkəmizin reallıqlarına böhtan atmaqla insanların təsəvvürlərini dəyişmək istəyir. Yalan və iftira yolu ilə insanları aldatmağa çalışırlar”.

O vurğulayıb ki, müxaləfətin azğınlaşmasının səbəblərindən biri də Azərbaycanın inkişafından qıcıqlanan və ölkəni gözü götürməyən qüvvələrin verdiyi sifarişlərin intensivliyinin artmasıdır: “Bir sıra hallarda müxalifətin hərəkətləri kənardan Azərbaycana qarşı pozuculuq işləri aparan beynəlxalq mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Bir çox hallarda sifariş və tapşırıqlar xaricdən gəlir. Bunun üçün maddi vəsait də xaricdən göndərilir. Bütün bunlar insanları narahat etməyə bilməz. Çalışmalıyıq ki, Azərbaycanın inkişafından narahat olan və inkişafımızın qarşısını almağa çalışan qüvvələrlə qaragüruh müxalifət arasındakı əlaqələr sındırılsın. Azərbaycan dövləti kifayət qədər güclüdür. Vətəndaşlar müxalifətin hansı niyyətlərlə fəaliyyət göstərdiyini aydın bilir və görürlər. Belə olan halda vicdanını itirmiş insanların istənilən təxribatçı hərəkətləri iflasa məhkumdur”.