"Maddi mədəniyyət nümunələrinin insan əli ilə dağıdılması, məhv edilməsi vandallıqdır, barbarlıqdır".

Bunu "Report"un Fransa bürosuna Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri, professor Öcal Oğuz Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında tarixi abidələrin məhv edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, heç bir mədəniyyətin mirası məhv edilməməlidir: "Hər bir mədəniyyətin mirası dəyərlidir. Çünki onlar qədim dövrlərin abidələridir. İŞİD Suriyada, İraqda, Liviyada əcdadlarımızın da mirası daxil olmaqla, bir çox maddi mədəniyyət nümunələrini yox etdi. Biz bunu pislədik. BMT qəbul etdiyi dörd qətnamə ilə Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu təsdiqləyib. Bu torpaqları işğal etmək, özününkü kimi qələmə vermək və üstəlik, oradakı mədəni irsi məhv etmək yolverilməzdir. Dünyada maddi mədəniyyət nümunələrinin məhv edilməsinə haqq qazandıracaq insan tapılmaz".

Ö.Oğuz bildirib ki, beynəlxalq təşkilatların qanunlarının aliliyinin təmin edilərək sülhə dönüş yeganə yoldur: "UNESKO İkinci Dünya müharibəsindən sonra yaradılıb və məqsədi sülhü davamlı etməkdir. Bizim təşkilatın daxilində bir araya gəlməyimizin əsas səbəbi bir-birimizi anlamaq, bir-birimizi dinləmək, bir-birimizə dəyər vermək və bir-birimizin mədəniyyətini birlikdə qorumaqdır. Hər bir ölkənin başqa dövlətin torpaqlarına hörmət etməsi və BMT-nin qərarlarını, sənədlərini tanıması vacibdir. Düzgün olanı BMT-nin qanunlarına istinadən barışığın əldə olunması, sülhün təmin edilməsidir".