Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib.

“Leqal.info”nun xəbərinə görə, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib.

Mərhumla vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42-a, 2-ci kvadratla üzbəüz binanın həyətində yaşadığı mənzildə keçiriləcək.

V.Əyyubun cənazəsi bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.

1992-1993-cü illərdə Vurğun Əyyub keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib. Bir neçə il əvvəl partiyadan istefa verib.

Allah rəhmət eləsin!