Leqal.info-nun elektron poçt adresinə gənc tələbə aktual məsələ ilə bağlı müraciət göndərib.

Müraciəti olduğu kimi təqdim edirik.

Hörmətli oxucular,

Bu gün cəmiyyət içərisində çox aktual olan bir məsələyə toxunacağam. Tələbəlik həyatı və ortalama 2000 manat civarında təhsil haqqı.
Bu təhsil haqqını bir tələbə hansı qazanc ilə ödəməlidir? Ölkəmizdə tələbələrin işə qəbul prosesi çox çətindir. Parttime iş axtaran bir tələbənin iş tapma ehtimalı 1-10% aralığında dəyişir. Ümumilikdə yarım gün iş demək olar ki, yoxdur. Universitetlərdə əyani şəkildə təhsil alan tələbələrin növbəli şəkildə yarım gün təhsil aldığını nəzərə aldıqda isə bu tələbə təbii ki işsiz qalmağa məcbur olur. Müraciət etdiyi işlərdən isə standart cavablar alınır: "bizdə iş saatı 09:00-18:00 aralığındadır, təcrübəniz yoxdur və ya tamamilə qanunsuz olaraq, əyani təhsil alan tələbənin işə qəbulu qanuna ziddir." Yeri gəlmişkən, qanuna əsasən əyani formada təhsil alan tələbənin işə qəbul edilməsində heç bir məhdudiyyət yoxdur. Allah eləməmiş işə qəbul edilsə də şəxsi inkişafa zamin yaratmayan və çox az əmək haqqı qarşılığında bir iş və ya könüllü kimi şəxsi inkişaflı, lakin ödənişsiz formada qəbul edilir ki, buda heç bir xərci ödəyə bilmək iqtidarında deyil. Bu zaman isə yeganə ünvan valideyn olur. Nəzərə alsaq ki, Azərbaycanda 'orta əmək haqqı 250 manat təşkil edir' daha böyük problem ortaya çıxır. Orta təhsil haqqını 2000 manat nəzərdə tutsaq, bu zaman aylıq əmək haqqından ayırmalı olduğumuz məbləğ təxmini 170 manat təşkil edir. Bu zaman isə ortaya daha çətin bir sual çıxır: "Bir ailədə 2 uşaq , 1 valideyn varsa, və valideynin 250 manatlıq bir qazancının, 170 manatı ancaq təhsil haqqı ödəməyə sərf ediləcəksə, geridə qalan 80 manat ilə gündəlik və aylıq xərclər hansı üsulla ödənilə bilər? Bu yazını yazmağa məni statistik bir məlumat vadar etdi. Son 5 ildə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Buda gələcəkdə ola biləcək 7000 mütəxəssisi savad almaqdan məhrum etməkdir. Problemin həlli kimi isə, "ölkəmizdə tələbələrin işə qəbul prosesi nisbətən asanlaşdırılmalı, yalnız tələbələrin işləyə biləcəyi iş yerləri açılmalı, təhsil haqqları endirilməli və ya orta əmək haqqı artırılmalıdır" kimi fikirlər irəli sürülə bilər. Danılmaz faktdır ki, ölkə rəhbərliyi tərəfindən xüsusi kateqoriyada olan tələbələr təhsil haqqından tam və ya qismən azad edilib. Bunu da ölkəmizdə savadlı mütəxəssislərin artırılması yolunda atılmış böyük addımlardan biri kimi qiymətləndirirəm.

Bir məqamıda qeyd etməliyəm ki, əgər tələbə 4 illik təhsil müddətində iş tapıb təcrübə qazana bilmirsə, gələcəkdə Ali təhsilini tamamladıqdan sonra həmin tələbədən işəgötürən HR mütəxəssisi necə təcrübə(iş stajı) tələb edir. Axı həmin HR mütəxəssisi həmin şəxsi tələbə vaxtı heç bir halda işə qəbul etmir?!

Bu məsələyə qayıdacağıq.

Orxan Vəliyev.