Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edərək, kitabxanaya Niderland mədəniyyətinə və tarixinə dair kitablar təqdim edib.

Bu barədə Leqal.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasından (MEK) rəsmi məlumat adxil olub.

MEK direktoru Leyla İmanova əvvəlcə görüşün təşəbbüskarı - Qarabağ müharibəsinin iştirakçısı, "Bakı Beynəlxalq Siyasət və Təhlükəsizlik Şəbəkəsi”nin rəhbəri, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru Elxan Ələsgərovu – qonaqlara təqdim edib. L.İmanova bildirib ki, Elxan Ələsgərov 2014-cü ildə Azərbaycanın Niderlanddakı səfirliyində birinci katib vəzifəsində çalışarkən Leyden Universiteti kitabxanasından Azərbaycanın qədim xəritəsini aşkarlamış, Niderlandda Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin məşhur musiqi əsərlərinin motivləri əsasında ilk "Old Baku" küçə orqanı layihəsinin müəllifi olmuş, orqanı Bakı qalası, Qız Qalasının təsvirləri, Məşədi İbad, Qoçu Əsgər, Sərvər və Gülçöhrə kimi personajların hərəkətli fiqurları ilə dizayn etmiş və İçəri Şəhərin küçələrində Novruz günlərində nümayiş etdirilməsinə yardım etmişdir. Qeyd olunub ki, Elxan Ələsgərov “Əli və Nino” romanının ilk elmi araşdırıcısı, Hollandiya Müqavimət Hərəkatının qəhrəmanlarından biri olan “Medo” ləqəbli, Azərbaycanlı Məmməd Məmmədovun həyatına kitab həsr etmiş, MEK-in Diplomatik fonduna Niderlanda dair küllü sayda sənəd hədiyyə etmişdir.
Diplomatik fondu 2015-ci ilin “MEK ilkləri”ndən biri adlandıran L.İmanova fonda diplomatik nümayəndəliklər tərəfindən 1000-dən artıq sənəd hədiyyə edildiyini bildirib. Vurğulanıb ki, Diplomatik fond ölkələri diplomatların seçimindən keçirilmiş ədəbiyyat ilə tanıtmaq, müxtəlif ölkələri rəmzi olaraq elm və mədəniyyət müstəvisində “bir damın” altına toplamaq məqsədi daşıyır. Hər il MEK-in bir neçə “ilk”ə imza atdığını bildirən kitabxana rəhbəri 2019-cu ilin ilklərindən Milli Rəqəmsal Yaddaş bazasına yeni plastların – “Əqli mülkiyyət”, indiyə qədər qeydə alınmamış işğal altında olmuş ərazilərdə dağıdılmış mədəniyyət abidələri siyahılarının əlavə edilməsini, Vikipediya fəaliyyətinin hərəkat formasına keçməsini və 10-a yaxın elm və təhsil ocağında viki mərkəzlərin fəaliyyətə başlamasını diqqətə çatdırıb.
Siyasi ekspert, politoloq Elxan Ələsgərov AMEA-nı Azərbaycanın beyin mərkəzi adlandıraraq, MEK-i humanitar dəyərləri toplayan və qoruyan müəssisə kimi qiymətləndirib və Niderlandda Azərbaycan səfirliyinin katibi vəzifəsində çalışarkən toplayıb gətirdiyi qiymətli sənədlərin bir hissəsini kolleksiya şəklində kitabxanaya hədiyyə etdiyini bildirib. Kolleksiyaya Elxan Ələsgərovun müəllifi olduğu “Lost time”, “Əli və Nino” əsərinin holland dilinə tərcüməsi, Azərbaycan tarixinə dair xəritələr, holland alimlərinin Azərbaycan haqqında mülahizələri, Azərbaycan alimlərinin holland dilində əsərləri daxildir.
Sonra Niderlandın Azərbaycandakı səfiri Onno Kervers MEK-ə Niderland tarixi və mədəniyyətinə dair kitablar hədiyyə edib. O, öz çıxışında ənənəvi olaraq Niderlandın “zambaq”, “dəyirmanlar”, Rembrandtın əsərlərinə görə tanınmasına təəssüfünü bildirərək, qeyd edib ki, Niderlandın Azərbaycan oxucusu tərəfindən tanınmasına zərurət yaranan zəngin tarixi və mədəniyyəti var. Səfir MEK-in Diplomatik fondunda Niderland guşəsinin təşkil edilməsini bu baxımdan yüksək qiymətləndirib.
Görüş əsnasında MEK-in Baş kitabxanaçısı Fəridə Süleymanova kitabxana fondlarında Niderland tarixi və mədəniyyətinin XVIII əsrdən başlayaraq müxtəlif dövrləri və sahələri – Niderland rəsm sənəti, gəmiçiliyi, bədii yaradıcılığı, tanınmış siyasətçiləri, filosofları, iqtisadçılar haqqında sənədlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, MEK fondlarında Niderlanda aid kolleksiya bu olkənin kitabxanaları və muzeyləri ilə beynəlxalq mübadilədən, kitabxananın özünün əldə etdiyi sənədlərdən, Azərbaycanda nəşr edilən mənbələrdən, eləcə də hədiyyələrdən formalaşıb.