Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda ittiham olunan sabiq polis zabiti Mehman Əsədov və onunla birlikdə təqsirləndirilən Dəniz Əsədovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Leqal.info"nun xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 13-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Onlar müxtəlif vədlərlə vətəndaşları aldadaraq onların əmlakını ələ keçirməkdə təqsirləndirilirlər.

İş üzrə 33 zərərçəkmiş var.

Xatırladaq ki, M.Əsədov Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəis müavini olub. O, ötən ilin mart ayında ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.