Keçmiş məhkəmə sədri Çingiz Bəşirovun oğlu Tamerlan Bəşirov körpə qızını uşağın anası Samirə Bəşirovaya geri qaytarıb.

Bu barədə “Report”a S.Bəşirova özü məlumat verib.

O deyib ki, uşaq ötən gün qaytarılıb.

S.Bəşirova qızının qaytarılmasına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

“Mən bilirdim ki, siz bir ana kimi, məni anlayacaqsınız. Sizə çox təşəkkürümü bildirirəm, hazırda sayənizdə uşağım mənim yanımdadır. Sizə cansağlığı və uzun ömür arzulayıram”.

Qeyd edək ki, Bakıda yaşayan Rusiya vətəndaşı S.Bəşirovanın iddiasına görə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin keçmiş sədri Ç.Bəşirovun Bakı Şəhər İcra Hakimiyyətində işləyən oğlu T.Bəşirov 2017-ci il təvəllüdlü körpə qızını ondan zorla alıb.

S.Bəşirova mətbuata açıqlamasında qeyd edib ki, T.Bəşirovla boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib, lakin məhkəmə prosesi yekunlaşmamış əri qızını onun əlindən zorla almışdı.