Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə gün öncə keçirilən əməliyyat nəticəsində daha bir vəzifəli şəxs rüşvət almağa görə həbs edilib.

Leqal.info-nun verdiyi xəbərə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) sədri Məmmədov Katib Rəsul oğlu rüşvət alarkən saxlanılıb.

K.Məmmədov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilib. İstintaqın təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin hakimi Elçin Ağayevin qərarı ilə K.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

O, istintaq təcridxanasına göndərilib. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 5 saylı TSEK-in keçmiş sədri Fəsad Mustafayev də 2015-ci ildə rüşvət alarkən həbs edilib.

Xatırladaq ki, Tibbi-Sosial Ekspert Komissiyasındakı əməliyyat 3 gün öncə keçirilmişdi.

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsi Katib Məmmədovun həbsi ilə bağlı rəsmi məlumat yayılıb.

Leqal.info xəbər verir ki, Baş Prokurorluq və Nazirliyin birgə yaydığı məlumat görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovun vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Baş İdarədə Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən Katib Məmmədov şübhəli şəxs qismində tutulub, 5 sentyabr 2020-ci il tarixdə o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.