Sosial xidmət müəssisələrində 330 uşaq hərtərəfli dövlət təminatında yaşayır.

Bu barədə Leqal.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, hazırda nazirliyin 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır. Hər iki müəssisədə uşaqlara müəyyən bacarıq və vərdişlərin aşılanması üçün müxtəlif dərnək və mini emalatxanalar da fəaliyyət göstərir. Təkcə bu ilin ötən dövründə həmin müəssisələrdən 20 nəfərə yaxın uşaq doğma ailə mühitinə qayıdıb.

Bundan başqa, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində hər il 400 nəfərədək uşağa dünya psixoterapiya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində reabilitasiya xidmətləri göstərilir. Uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi əsasında, onların fərdi reabilitasiya planları əsasında müalicəsi təşkil edilir. Onlar sosial mühitə oriyentasiya məqsədli sınanmış tədris metodlarına, sosial reabilitasiya yönümlü effektiv prosedurlara cəlb edilirlər.

Leqal.info