Masallı rayonunda çəltik əkinlərinin iki dəfə artırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov deyib:

O qeyd edib: “Möhtərəm cənab Prezident. Müəllifi və təşəbbüskarı olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, Sizin qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyiniz qərarlar və verdiyiniz tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.

Rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhalisinin sayı 222 min nəfər olan Masallı respublikanın ən sıx əhali yaşayan və az torpaqlı rayonları sırasındadır. Təhlillər göstərir ki, rayonda 37 min ailənin istifadəsində olan əkinə yararlı 24 min hektara yaxın sahənin 82 faizi dəniz səviyyəsindən aşağıda yerləşməklə şoran və təkrar şoranlaşmış torpaqlardır. On min hektara yaxın sahə isə bilavasitə Xəzər dənizi sahilindədir və onun bir hissəsi daim subasmalara məruz qalır”.

İH başçısı bildirb ki, son illərədək rayonda əkin sahələrinin 60 faizə qədərində taxıl yetişdirilir, 25 faizə qədəri istifadəsiz qalırdı. Rayonun torpaq-iqlim şəraiti üçün əlverişsiz sayılan taxıl əkinlərinin hər hektarından 10-20 sentner məhsul götürülür, bu qədər sahədə cəmi 150-180 iş yeri yaranırdı. Bu sahə bizim rayonda iqtisadi cəhətdən qeyri-rentabellidir:

“Cənab Prezident, ötən ilin sentyabr ayında Masallıda olarkən yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı verdiyiniz tapşırıq və tövsiyələrin icrası ilə bağlı əhali və mütəxəssislərlə müntəzəm məsləhətləşmələr aparılır, təbii-iqlim şəraitinə uyğun əkin strukturuna yenidən baxmaqla torpaq mülkiyyətçiləri əmək tutumlu, daha gəlirli, bazarda çox tələbat duyulan məhsulların istehsalına istiqamətləndirilir. Nəticədə fermerlər tərəfindən səmərəsiz taxıl əkinləri ilkin olaraq 35 faizə qədər azalıb, həmin sahələr hesabına tərəvəz, çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli genişləndirilib”.

R.Hüseynov deyib ki, əkin strukturunda baş verən bu dəyişiklik nəticəsində rayonda bitkiçilik məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb, əkinlərin rentabelliyi taxıla nisbətən bir neçə dəfə yüksək olub, 6400 hektarda 13 min 178 iş yeri yaranıb. Aprel ayından başlayaraq yüzlərlə əlavə işçi qüvvəsinə tələbat yaranıb və bu gün də tələbat var. İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub, bu ilin 7 ayında yaxın və uzaq xarici ölkələrə Azərbaycan brendi ilə ümumilikdə 29 milyon manata yaxın tərəvəz, faraş kartof, sarımsaq və çiyələk ixrac olunub:

“Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən əvvəllər bu bölgənin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq. Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çinqıl döşənərək yol çəkilib, “Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. “Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır”.

O qeyd edib ki, yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Tapşırığınıza əsasən 1000 hektarı əhatə edən yeni çay plantasiyası salınması üçün hazırlıq işləri görülüb, torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, “Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür”.

R.Hüseynov bildirib ki, cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerlı çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılıb:

“Gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. Bunun üçün vaxtilə rayonda mövcud olmuş və sonradan baxımsızlıq nəticəsində və istifadə edilmədiyindən sıradan çıxmış 77 sututarın daxili imkanlar və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bilavasitə yaxından köməyi ilə bərpa olunmasına başlanıb. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq. Bu, bizim mövcud su ehtiyatlarımızın 20 faizindən çoxdur. İxracyönümlü məhsul istehsalının artırılması üçün verdiyiniz tapşırıqların icrası ilə bağlı rayonda əlavə tütün, giləmeyvə, faraş kələm əkinləri də genişlənir, yeni sitrus bağları salınır.

Çox hörmətli cənab Prezident, Sizi əmin etmək istəyirik ki, tapşırığınıza müvafiq olaraq, kənd təsərrüfatının bir çox sahələrinin dinamik inkişafının təmin edilməsi üçün bundan sonra da bütün imkanlar səfərbər olunacaq, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq”.

Leqal.info