Bir neçə gün öncə Zaqatalanın Katex çayında batan 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin ölüm səbəbi bəlli olub.

Leqal.info azxeber.com-a istinadən xəbər verir ki, gənc fotoqraf olan Ə.Nuriyev "Şəlalə" adlanan ərazidə model xanımlardan birinin fotosessiyasını edirmiş. Model qızın şəkillərini çəkən Ə.Nuriyev daha sonra üzmək üçün suya girib. Bu zaman o, qızın gözlərinin önündə boğulub.

Məlumata görə, xanım model heç kimdən kömək ala bilmədiyi üçün bir gecə meşədə gecələmək məcburiyyətində qalıb. Bir gün sonra isə xilasedicilər hadisə yerinə gəliblər. Onlar bir neçə saatlıq axtarışlardan sonra meyiti quruya çıxartmağa nail olublar.

Hadisədən sonra dövlət qoruğu hesab olunan şəlalə vətəndaşların ziyarətinə qapadılıb. Artıq bir neçə gündür ki, əraziyə heç kim buraxılmır.

Qeyd edək ki, Ədilxan Nuriyev fəaliyyəti dayandırılmış "Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuriyevin oğludur.