Ölkədə yağan yağışlar nəticəsində dünən respublikanın bütün çaylarında suyun səviyyəsində artım müşahidə olunub.

Leqal.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, ən çox artım Lənkəran-Astara bölgəsindən keçən Lənkəran çayında (56 sm) və Viləşçayda (75 sm) qeydə alınıb.

Onun sözlərinə görə, payız fəslində çaylarda sululuğun artması nəticəsində daşqınlar baş verir: “Bu ilin oktyabrında da intensiv yağışlar davam edərsə, çaylarda daşqınların olması mümkündür. Xüsusilə, Lənkəran-Astara bölgəsi çaylarından qısamüddətli daşqınların keçməsi istisna edilmir. Çaylarda daşqınlar olsa belə, bu, payız fəsli üçün xarakterikdir”.

A.Verdiyev qeyd edib ki, ölkə ərazisində belə yağıntılı hava şəraiti oktyabrın 5-dək davam edəcək. Onun sözlərinə görə, bu gün axşam, gecə və səhər yağıntıların davam edəcəyi, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir: “Oktyabrın 5-dən sonra isə hava şəraiti mülayimləşəcək və temperatur tədricən yüksələcək”.