Son 3-4 gündür ki, paytaxta yağan aramsız yağışlar şəhəri iflic vəziyyətdə qoyub. Əvvəllər heç olmasa yollar su olurdu, üzə-üzə də olsa keçib gedirdik. Amma bu illəri bəzi mərkəzi küçələrdə yolların çökməsi, böyük dəliklərin yaranması sözün əsl mənasında, ajiotaj yaradıb. Axı bizim şəhər belə deyil, getsin bu günlər, gəlsin sulu küçələr…

Heyif, Venesiyaya bənzəyən Bakı indi buna da tab gətirə bilmir. Təzə-təzə sevinmişik ki, artıq İtaliyaya getməyə ehtiyac qalmayacaq, hər payızda 3-4 gün aramsız yağan yağışlar bizə o gözəl şəhərin abu-havasını yaşadacaq. Axı noldu sana noldu böylə?



“Azərbaycanda bütövlükdə sistem çöküb. Ona görə də bizi su basır, yol çökür” deyən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “A24.az”a açıqlamasında bütün günahları hökumətdə gördü:
Bakını su basdıqca məmurlar yoxa çıxdı
“Azərbaycanda bəzi məmurlar, heç kimi saymır. Çünki yolun və kanalizasiya sistemlərinin çəkilməsi üçün ayrılan vəsaitlər yeyilib. Ona görə də bizi su basır, yol çökür. Belə dövlətdə belə də olmalıdır da. Bütün bu hadisələrin baş verməsində bütövlükdə dövlət təqsirkardır. Bu məsələdə İcra hakimiyyətlərinin tikinti təşkilatları yoxdur axı, deyilsin ki icra orqanları yol çəkir. Azərbaycanda “Azəravtoyol” ASC kimi yol çəkən və “Azərsu” kimi kanalizasiya sistemləri çəkən cəmiyyətlər var. Amma bütün bu cəmiyyətlərə nəzarət edən hökumətdir.

Ümumiyyətlə, hər bir vəziyyət ciddi araşdırma tələb edir. Məsələn, 2009-2013-cü illərdə Bakı və Bakıətrafı qəsəbələrdə yeni kanalizasiya sistemlərinin və suyun çəkilməsi nəzərdə tutulmuşdu. Nəticədə, nə kanalizasiya sistemi var, nə də su! Amma güclü vəsait ayrılmışdı və dövlət proqramı ilə qəbul olunmuşdu: Bakı Şəhəri ətraf qəsəbələrin inkişafı proqramı. Ona görə də bütün bunları araşdırmaq lazımdır, bu isə mümkün deyil. Bizim siyasi sistemdə də bu kimi problemlər daim həllini tapmamış bir şəkildə nəinki qalacaq, hətta çoxalacaq”.

Media qurumlarının sosial problemlərlə bağlı İcra Hakimiyyəti orqanlarına müraciət etdiyi zaman telefon zənglərinə cavab verməmələrinə, öz işlərini yaxşı icra etməmələrinə gəldik Mətbuat Şurasının sədri Əflatun Amaşov qanunvericilikdəki qanunlarla izah etdi və bildirdi ki, jurnalistləri maraqlandıran suallara cavab verilməlidir:
Bakını su basdıqca məmurlar yoxa çıxdı
“Azərbaycanda ayrı-ayrı rəsmi qurumlar jurnalistləri maraqlandıran suallara cavab verməlidirlər. Çünki qanunvericilikdə bu birmənalı şəkildə deyilir. Soruşulan sual aktualdırsa birbaşa cavab verilir. Əgər araşdırma xarakterlidirsə, 24 saat müddətində, geniş araşdırma tələb edilirsə, 7 gün müddətində cavablar verilməlidir. Hətta daha geniş və uzunmüddətli araşdırma tələb olunursa, vaxt uzadıla bilər. Bütün bunlar qanunvericilikdə göstərilir.

Əgər kimsə cavab vermirsə, nədənsə yayınır və sizin sualınızı dolğun cavablandırmırsa, bunun üçün müraciət etməlisiniz. Müraciətin isə müxtəlif formaları var: Telefonla və ya yazılı formada elektron məktub göndərməklə də müraciət edə bilərsiniz. Əgər müraciətiniz cavablanmasa, sizin haqqınız var ki, qarşı tərəfi məhkəməyə verəsiniz”.

P.S.

Son da sizə “Yaxşı yol!” yazmaq istərdim, amma bu yollar ki var, vallah onlara heç etibar yoxdur. Gah su basır, gah da öz-özündən çökür… / A24.az

Leqal.info