3 ildən çoxdur ki, erməni girovluğunda saxlanılan azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyev gün keçdikcə bizdən bir addım uzaqlaşır. Həmvətənlərimiz bizdən uzaqlaşdıqca vətən torpağına daha da yaxınlaşırlar… Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ayda bir dəfə onlara baş çəkməsi də nəyisə dəyişmir.

Şahbaz Quliyev ailəsinə ünvanlandığı sonuncu məktubunda vəsiyyətini də edib. Bu barədə Modern.az-a girovun qardaşı İlham Quliyev danışıb.

“Məktubunda yazıb ki, xəstədir. Ermənilər guya onu müalicə edirlər. Qardaşım yemək yeyə bilmir. 1 aydır Yerevandadır. Deyir “yesəm də ağrıyıram, yeməsəm də”. Onu müalicə edən pakistanlı həkim vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Amma mən bunlara inanmıram”.

İ.Quliyev fikrini belə əsaslandırıb:

“Vəziyyəti yaxşı olsaydı, onu xəstəxanda saxlamazdılar. Bilirəm ki, vəziyyəti yaxşı deyil. Bu dəfə sadəcə məktub göndərib, videomüraciət də yoxdur ki, heç olmasa üzünü görək”.

Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a deyib ki, Dağlıq Qarabağda saxlanılan şəxslərə sonuncu dəfə sentyabrda baş çəkilib:

“Sadəcə olaraq saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız ailəsinə və əlaqədar təşkilatlara çatdırılır. Bu, ictimaiyyətə açıqlanmır”.

İ.Hüseynovanın “Dağlıq Qarabağda saxlanılan şəxslərə xəstəxanada baş çəkilib yoxsa Şuşa həbsxanasında” sualına cavabı belə olub:

“Saxlanma yerindən asılı olmayaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi onlara baş çəkib və mandatına uyğun olaraq da baş çəkməkdə davam edəcək”.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Leqal.info